2016-02-04
Azərbaycanın Aktaudakı Baş konsuluğunun nəzdində kitabxana yaradılıb

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunun nəzdində kitabxana yaradılıb.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsuluğunun mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, iki mindən artıq kitab və yeddiyüzə yaxın jurnaldan ibarət olan kitabxanada Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, milli musiqisi, incəsənəti və mətbəxinə aid olan kitablar, klassik və müasir dövr yazıçılarının əsəsrləri, uşaq ədəbiyyatına aid kitablar yer alıb.

Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyat və fəaliyyətinə dair və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş kitablardan ibarək guşələr təşkil olunmuşdur. Kitabxanada həmçinin, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı və ermənilərin uzun illər boyu soydaşlarımıza qarşı apardığı soyqırım siyasətinə həsr olunmuş kitablardan ibarət bölmə yaradılıb.

30 yanvar tarixində kitabxananın rəsmi açılışı olmuşdur. Açılışda Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri iştirak etmişlər.

Açılış mərasimində rəmzi qırmızı lent tələbələr tərəfindən kəsilmişdir.

Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Baş konsulluğun nəzdində kitabxananın açılmasının, ilk növbədə Azərbaycandan kənarda yaşayan soydaşlarımıza ölkəmiz haqqında daha geniş və dolğun məlumatların çatdırılması məqsədi daşıdığını bildirmişdir. O, kitabxananın açılışının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş 2 fevral - gənclər günü ərəfəsində baş tutmasının əlamətdar bir hadisə olduğunu vurğulamış və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərimizlə bağlı apardığı dövlət siyasətinin və xaricdə yaşayan azərbaycanlılara olan diqqət və qayğısının tərkib hissəsi olduğunu qeyd etmişdir.

E.Zeynalov çıxışında, gəncləri tarixi vətənləri haqqında daha ətraflı məlumatlara yiyələnmək üçün kitabxanada yaradılmış imkanlardan səmərəli istifadə etməyə çağırmış və Baş konsulluq tərəfindən azərbaycanlı gənclərin elm və biliklərə dərindən yiyələnmələri üçün daima dəstək veriləcəyini bildirmişdir.

 

 

Trend.az

növbəti xəbər əvvəlki xəbər