2016-02-25
Aktauda Xocalı soyqırımı ilə bağlı Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi təşkil edib

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Önər” Art-Qalereya sərgi salonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi təşkil edib.

Əvvəlcə tədbir iştirakçıları baş konsulluq tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçıvəsində Aktauda uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxıblar. Qonaqlar, həmçinin zalda Xocalıda törədilmiş müsibəti əks etdirən “Xocalı dağı” fotokompozisiyası ilə tanış olublar.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından danışıb.

Diplomat, həmçinin Qazaxıstanın internet məkanında baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırıb.

Aktau Şəhər Dövlət Uşaq İncəsənət Məktəbinin direktoru Sara Qabbasova “Biz ədalət tələb edirik! mövzusunda rəsm müsabiqəsinin keçirilməsinin əhəmiyyətini qeyd edib, gənc nəslin daha ədalətli ruhda böyüməsinin, terrora, müharibəyə, günahsız insanların ölümünə qarşı tərbiyələndirilməsinin zəruriliyini vurğulayıb.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Aymurat Tanatov Xocalı faciəsi ilə bağlı xalqımızın ağrı-acısına şərik olduğunu qeyd edib, keçirilmiş müsabiqənin yekunları haqqında danışıb.

Çıxışlardan sonra müsabiqənin qalibləri elan edilib. Qalıblərə baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olunub.

Daha sonra baş konsulluğun təşəbbüsü və dəstəyi ilə Aktau şəhərindəkı azərbaycanlı gənclər tərəfindən hazırlanmış “Xocalı fəryadı” adlı tamaşa göstərilib.

Anım mərasimindən sonra tədbir iştirakçıları Aktau şəhərinin dənizkənarı parkına gələrək, Xocalıda qətlə yetirilmiş insanların xatirəsinə həsr olunan aksiyada iştirak ediblər.



 


İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

növbəti xəbər əvvəlki xəbər