Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifi ilə bağlı Newtimes.az portalının sualını cavablandırıb.
– Novruz müəllim, iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə Sizin münasibətiniz necədir?
– Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır. Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər.