2016-05-10
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür. Artıq 13-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün – Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə təbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri də ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, Vətən və xalq qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.

Hər il xalqımızın xilaskar oğlunun doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.



növbəti xəbər əvvəlki xəbər