2016-05-14
Atırau Dövlət Universitetinin tələbələrinə Heydər Əliyev təqaüdü təqdim olunub

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti və Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə mərasim təşkil edib. Universitetin böyük idman zalında təşkil olunmuş tədbirdə ali təhsil ocağının müəllim və tələbə heyəti ilə yanaşı, Atırau şəhər akimliyinin (meriyasının) rəhbərliyi, Azərbaycan diasporunun fəalları, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Universitetin rektoru, professor Ablaz Taltenov tədbir iştirakçılarına gənclərin ölkənin ictimai-siyasi həyatında rolundan, Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixindən və iki qardaş xalqın münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıb. O, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə baş konsulluq tərəfindən Heydər Əliyevin adı ilə bağlı birdəfəlik təqaüdlərin verilməsini yüksək qiymətləndirərək, bu hadisənin təqaüd almış hər bir tələbənin həyatında önəmli nailiyyət olduğunu bildirib.

Sonra Atırau şəhər akimi (meri) Nurlibek Ojayev çıxış edərək gənclərin ali təhsilə daha dərindən yiyələnməklə Qazaxıstan üçün layiqli vətəndaş olmalarının vacibliyindən danışıb, təşkil olunmuş tədbirin gənclərin inkişafı üçün bir stimul olduğunu qeyd edib.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən söhbət açıb. O, bu təqaüdün artıq dörd ildir təqdim olunduğunu bildirib, qaliblərin universitet rəhbərliyi ilə baş konsulluq arasında əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələr arasından seçildiyini qeyd edib.

Sonra E.Zeynalov və Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov tərəfindən universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən kitab və jurnallar, baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitabları və 500 ABŞ dolları məbləğındə təqaüd təqdim edilib.

Təqdimetmə mərasimindən sonra Qazaxıstanın tanınmış musiqiçilərinin və rəqs qruplarının iştirakı ilə konsert keçirilib.

 


 

İlahə Əhmədova

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

Atırau


növbəti xəbər əvvəlki xəbər