2016-10-07
Azərbaycan Prezidenti İlham Əliyev: "Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclası giriş nitqi ilə açan dövlətimizin başçısı ötən müddət ərzində görülən işləri geniş təhlil edib və gələn il üçün qarşıda duran vəzifələr barəsində fikirlərini bildirib.
2016-cı ilin dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu iclas iştirakçılarının diqqətinə çatdıran Prezident neftin qiymətinin kəskin şəkildə düşməsinin neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdiyini vurğulayıb. Eyni zamanda, dövlət başçısının sözlərinə görə, dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət kritik həddə çatmışdır. Müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Görürük ki, vəziyyət getdikcə kəskinləşir. Avropanın miqrant böhranı sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. 
Azərbaycanın həmişə öz yolu ilə getdiyini, öz siyasətini apardığını diqqətə çatdıran ölkə rəhbəri qeyd edib ki, ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. 
"Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi".
Dövlət başçısı, həmçinin, Azərbaycanda böyük idman yarışlarının - 500 milyon auditoriyası olan "Formula-1" yarışının, Ümumdünya Şahmat Olimpiadasının keçirildiyini bildirdi. "Bu il idmançılarımız da bizi çox sevindirib. Bizim komandamız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb. Medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdəyik. Bax, bu rəqəmləri şərh etməyə heç bir ehtiyac yoxdur".
Böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini Prezident İlham Əliyev xüsusilə qeyd etdi. "Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi".
Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendumun keçirilməsinə toxunan ölkə rəhbəri dedi ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır.
"Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur". 
Bu il ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndiyini söyləyən Prezident İlham Əliyevin sözlərinə görə, bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. "Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur".
Bu meyillər digər təşkilatlarda da görünür. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. 
Əksər çıxışlarında olduğu kimi, dövlət başçısı Nazirlər Kabinetinin yekun iclasında da ölkəmiz üçün ən ağrılı məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər də səsləndirdi. Aprelin əvvəllərində Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini bildirən Ali Baş Komandan bunu tariximizin şanlı səhifəsi adlandırdı. "Həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".
Prezidentin sözlərinə görə, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq".
Ölkəmizdə il ərzində baş verən iqtisadi proseslərə öz münasibətini bildirən dövlət başçısı vurğuladı ki, neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. "Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki, az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir.
Sosial layihələr icra edilib. 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq - 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir".
Digər istiqamətlərdə də bütün işlərin plan üzrə getdiyini, Azərbaycanın çox önəmli nəqliyyat mərkəzinə çevrildiyini bildirən Prezident İlham Əliyev bütövlükdə 2016-cı ilin nəticələrini müsbət dəyərləndirdi və dedi: "Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik".
növbəti xəbər əvvəlki xəbər