2016-12-30
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Aktauda qeyd edilib
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, şəhərin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndiriləndən sonra Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətinin mətni oxunub.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq xaricdə yaşayan azərbaycanlılara Azərbaycan dövlətinin qayğısından söhbət açıb.

Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzinin sədri Zakir Əkbərov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışıb.

Çıxışlardan sonra azərbaycanlı tələbələr və Bazar günü məktəbinin şagirdləri tərəfindən Azərbaycana həsr olunmuş şeirlər səslənib, rəqslər ifa olunub, Şaxta baba və Qar qızın iştirakı ilə yeni il şənliyi keçirilib.

növbəti xəbər əvvəlki xəbər