2017-02-09
İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, Prezident Lukaşenkonun ötən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə edilən razılaşmaların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barədə danışıblar.

Dövlətimizin başçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən Prezident Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib, bu addımı qanunun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Aleksandr Lukaşenko minnətdarlığa görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

növbəti xəbər əvvəlki xəbər