2017-04-07
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib

Aprelin 3-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar, əziz dostlar.

Bu gün bizim münasibətlərimizin tarixində çox əlamətdar gündür. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə böyük hadisədir. Səfər çox uğurlu, səmərəli olub, yaxşı nəticələr verib. Biz bu gün bu barədə artıq mətbuata və ictimaiyyətə məlumat vermişik. Mən böyük məmnuniyyətlə elan edirəm ki, bu gün Nursultan Abişeviç Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb.

“Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz.

Təəssüf ki, Azərbaycanda müstəqilliyin ilk illəri faciəli hadisələrlə, çətin sınaqlarla dolu olub. Azərbaycanın həmin dövrdəki rəhbərliyi nəinki özünün tarixi dostları ilə münasibətləri nizamlaya bilməyib, hətta onların çoxu ilə bu münasibətləri o dərəcədə korlayıb ki, sonradan uzun illər boyu həmin münasibətləri qaydaya salmaq lazım gəlib. Qazaxıstanın bəxti gətirib ki, müstəqilliyin lap əvvəlindən bu ölkəyə Nursultan Abişeviç Nazarbayev kimi görkəmli lider rəhbərlik edib. Bu, Qazaxıstanı çox bəlalardan, çox risklərdən qoruyub. Bu gün - Qazaxıstanın müstəqilliyinin elan edilməsindən 25 il sonra qüdrətli dövlət çox məsələləri həll edir, uğurla inkişaf edir, irəliləyir. Buna görə də Heydər Əliyevin adını daşıyan ordenin Sizə təqdim edilməsi ədalətli qərardır və bir daha demək istəyirəm ki, bu qərar rəmzi məna daşıyır.

Sizin rəhbərliyinizlə Qazaxıstan dünyada böyük nüfuz sahibi olan güclü dövlətə çevrilib. Ölkənizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bunun ən yaxşı göstəricisidir. Çox nümunə göstərmək olar, lakin mənim fikrimcə bu, dünya birliyinin Sizə və Sizin ölkənizə münasibətinin göstəricisidir. Siz regional məsələlərdə çox böyük rol oynayırsınız, çoxsaylı uğurlu layihələr barədə təşəbbüs irəli sürürsünüz, həmçinin istər bizim regionda, istərsə də bütün planetdə sülhün möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Suriyada sülhün möhkəmləndirilməsi və risklərin azaldılması üçün Sizin sülhyaratma səyləriniz dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir. Siz uzun illər boyu sanki həlli mümkün olmayan məsələləri həll etməyə nail olmusunuz.

Sizi həm də “Ekspo-2017” sərgisinin keçirilməsinə uğurla hazırlaşmağınız münasibətilə təbrik etmək istərdim. Bu, ölkənin yetkinliyinin, onun imkanlarının, potensialının, habelə Sizin əməkdaşlığa yönəlmiş siyasətinizin daha bir göstəricisidir. Ona görə ki, bu, əməkdaşlığın genişləndirilməsinə, əmtəə dövriyyəsinin artırılmasına, ölkənin potensialının nümayiş etdirilməsinə yönəlmiş sırf sülh təşəbbüsüdür.

http://azertag.az/xeber/Qazaxistan_Prezidenti_Nursultan_Nazarbayeve_Heyder_Aliyev_ordeni_teqdim_edilib___YENILANIB_VIDEO-1047652  

növbəti xəbər əvvəlki xəbər