2017-05-13
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev Oyunları açıq elan edib
Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.

Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular.

AZƏRTAC xəbər verir ki, stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər əyləşmişdilər.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyin 70-dən çox əməkdaşı cəlb olunub.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə ediləcək. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi.

Prezident İlham Əliyev İƏT-in rəsmi mətbu orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.

http://azertag.az/xeber/Baki_Olimpiya_Stadionunda_IV_Islam_Hemreyliyi_Oyunlarinin_tenteneli_achilis_merasimi_olub_Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Oyunlari_achiq_elan_edib_VIDEO-1059622 

növbəti xəbər əvvəlki xəbər