2017-06-14
İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində yeni inşa olunan məktəblə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış oldu.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və ikinci korpusun komandiri Mayis Barxudarovla görüşdü.

Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyevə məlumat verdilər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.

Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Məktəbdə Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri əks olunan fotostendlər kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib.

http://az.president.az/articles/24216 

növbəti xəbər əvvəlki xəbər