2017-11-08
İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə iştirak edib

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli neftçilər.

Xanımlar və cənablar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda 2 milyardıncı ton neft hasil edilibdir. Bu münasibətlə Azərbaycan neftçilərini və bütün Azərbaycan xalqını təbrik edirəm.

Bu, tarixi bir hadisədir. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm.

Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir.

Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr vermişlər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni, biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.

http://az.president.az/articles/25789 

növbəti xəbər əvvəlki xəbər