2017-11-22
İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Sergey Viktoroviç, Sizi yenidən Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz bizim münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik.

Həmçinin ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd etmək istərdim. Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.

Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır.

Bir daha xoş gəlmisiniz. Əminəm ki, səfər, həmçinin münasibətlərimizin möhkəmlənməsi işində mühüm məqam olacaq.

http://az.president.az/articles/25902 

növbəti xəbər əvvəlki xəbər