2017-11-28
Prezident İlham Əliyev: Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekun Bəyannaməsi Azərbaycanın böyük diplomatik nailiyyətidir

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Zirvə görüşündə üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü bir daha təsdiqləyən və dəstəkləyən yekun Bəyannamənin qəbul edilməsi Azərbaycanın böyük diplomatik nailiyyətidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün biz Tərtər rayonunda köçkünlər üçün salınmış yeni şəhərciyin açılışında görüşürük: "Burada yaşayacaq bütün köçkünləri bu gözəl hadisə münasibətilə təbrik edirəm. Bu, çox böyük layihədir, 1170 ailə bundan sonra 34 çoxmərtəbəli binadan ibarət bu şəhərcikdə rahat yaşayacaq. Burada 1200 şagird yerlik bu gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi tikilib. Burada rahat yaşamaq üçün bütün şərait var, infrastruktur yaradılıb - istilik, qaz, işıq, su. Bu, bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir və bizim üçün prioritet təşkil edir. Bu, sayca 97-ci qəsəbədir ki, Azərbaycan dövləti köçkünlər üçün istifadəyə verir. Bu qəsəbələrdə 250 mindən çox insan evlərlə, mənzillərlə təmin edilibdir. Bu il 2300 ailə yeni mənzillərə, evlərə köçürülür, gələn il də bu proses davam etdiriləcəkdir. Gələn il ən azı 4 min köçkün ailəsi yeni mənzillərə, evlərə köçürüləcəkdir. Bu, Azərbaycan dövlətinin siyasətini göstərir. Onu göstərir ki, məcburi köçkünlərin problemlərinin həlli bizim üçün əsas məsələdir".

Prezident İlham Əliyev qeyd edib ki, təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz köçkünlərin problemlərinin həllinə istiqamətləndirilmişdir: "Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Qeyd etdiyim kimi, gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilir. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var. Dövlət Neft Fondunun fəaliyyətinin bir istiqaməti də ölkə üçün ən önəmli layihələrdə maliyyə mənbəyi kimi iştirak etməkdir. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir neçə layihənin maliyyə mənbəyi Dövlət Neft Fondudur. O cümlədən, ilk növbədə köçkünlərin problemlərinin həlli üçün salınan qəsəbələrin mütləq əksəriyyəti Dövlət Neft Fondunun maliyyə mənbələri hesabına yaradılmışdır. Bu, onu göstərir ki, - mən həmişə bunu demişəm, - biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Neftdən əldə edilən gəlirlər həm ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin icrasına, eyni zamanda, sosial məsələlərin həllinə yönəldilibdir və beləliklə, bu ağır problem tədricən öz həllini tapır".

https://az.trend.az/azerbaijan/politics/2827839.html 

növbəti xəbər əvvəlki xəbər