2017-12-12
Aktauda keçirilən anım tədbirində Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılıb

Azərbaycanın Aktaudakı baş konsulluğu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri təşkil edib.

AZƏRTAC xəbər verir ki, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının üzvlərinin, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələrinin iştirak etdikləri tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Aktaudakı baş konsulluğunun başçısı Elxan Zeynalov görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlər barədə danışıb. O, Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətləri xüsusilə vurğulayıb.

Azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri, Şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov, istefada olan mayor Bəxtiyar Məsimov, şair Ramiz Həsənli, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin baş müəllimi Zakir Əkbərov, azərbaycanlı tələbələr çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

https://azertag.az/xeber/1120255 

növbəti xəbər əvvəlki xəbər