2017-12-28
Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Aktau şəhərinin Abay adına Mədəniyyət mərkəzinin konsert salonunda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbir keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Manqistau vilayət hakimi Yerali Lupkan oğlu Tukjanov, vilayət və şəhər hakimliyinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrə həsr olunmuş video rolik nümayiş etdirilib.

Daha sonra, Manqistau vilayət hakimi Yerali Lupkan oğlu Tukjanov çıxış edərək, Azərbaycan ilə Qazaxıstan arasında mövcud əlaqələrdən, tarixi köklərindən və müasir dövrdə inkişaf perspektivlərindən danışıb.

Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, əsasının Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti tərəfindən uğurla davam etdirilən əlaqələrin 25 illiyi, həmçinin Aktau şəhərində Baş konsulluğun 10 illik fəaliyyəti ilə bağlı görülən işlərdən danışıb.

Rəsmi hissədən sonra, tədbirin bədii hissəsində Azərbaycanla yanaşı həmçinin Qazaxıstanda çox populyar olan müğənni Roza Zərgərli “Bakı” instrumental ansamblın müşayəti ilə solo konsertlə çıxış etdi. Konsert proqramında həmçinin gənc müğənnilər Yaşar Yusub, Nicat Rəhimov, Ramil Cəfərov çıxış ediblər. Konsertin aparıcısı isə istedadlı aktyor Şəhriyar Əbilov olub. Konsertdə Azərbaycan bəstəkarlarının mahnıları ilə yanaşı qazax və rus mahnıları ifa olunub.

https://az.trend.az/azerbaijan/society/2842009.html 

növbəti xəbər əvvəlki xəbər