2017-12-29
Qazaxıstanın Aktöbə şəhərində azərbaycanlı uşaq və yeniyetmələr üçün “Bazar günü” məktəbi açılıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Aktöbə şəhərində yaşayan azərbaycanlı uşaqlar və yeniyetmələr üçün azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi ilə bağlı “Bazar günü” məktəbinin açılış mərasimi keçirilib.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, Baş konsulluq Aktyubinsk vilayətində fəaliyyət göstərən azərbaycanlıların milli mədəni mərkəzinin təşkilatçılığı ilə açılmış “Bazar günü” məktəbi üçün Qazaxıstan Xalqları Milli Assambleriyasının Aktöbə şəhərində yerləşən “Dostluk” evində sinif otağı ayrılıb və azərbaycanlı iş adamlarının dəstəyi ilə təmir olunub, yazı lövhəsi, parta, şkaf və stullar alınıb. Sinif otağında həmçinin Baş konsulluq tərəfindən hazırlanıb və Azərbaycanın tarixini, ədəbiyyatını, milli-mədəni dəyərləri, müasir dövrünü, dövlət atrebutlarını əks etdirən stendlər, həmçinin Azərbaycanın klassik və müasir dövr yazıçı və şairlərinin portretləri hazırlanaraq asılıb.

Baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycanın xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısından, Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının IV qurultayında çıxışı zamanı xaricdə yaşayan azərbaycanlılarla bağlı qarşıya qoyduğu vəzifələrdən danışıb və xalqımızın milli-mənəvi dəyərlərinin unudulmamasının, Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin öyrənməsinin vacibliyini bildirib. Daha sonra, Azərbaycan Təhsil nazirliyi tərəfindən göndərilmiş əlifba və digər dərsliklər, oxu kitabları, əyani vəsaitlər azərbaycanlı uşaqlara təqdim edilib.

Aktyubinsk vilayət hakimliyinin Təhsil və Dillərin inkişafı idarəsinin rəisi Tlubayeva Gülayım Telmanovna öz növbəsində çıxış edərək, Qazaxıstanda milli azlıqlara dövlət qayğısından danışıb. O, Qazaxıstanın latin əlifbasına keçid mərhələsinin başladığını və bu istiqamətdə Azərbaycanın təcrübəsinin böyük olduğunu bildirərək, Qazaxıstan dilçilərinin bu təcrübədən yararlandığını qeyd edib.

Bazar günü məktəbində eyni zamanda azərbaycanlı uşaqlar üçün qazax dili də tədris olunacaqdır.

https://az.trend.az/azerbaijan/society/2842469.html 

növbəti xəbər əvvəlki xəbər