2017-12-29
Qazaxıstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Aktyubinsk vilayətində yaşayan azərbaycanlıların milli mədəni cəmiyyəti ilə birgə Aktöbə şəhəri “Dostluk” sarayında Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Qazaxıstan Xalqları Milli Assambleriyasının Aktyubinsk vilayəti üzrə katibi Bimaqambetova Zamzaqül Adilqereyevna, vilayət və şəhər hakimliyinin səlahiyyətli nümayəndələri, Aktyubinsk vilayətində fəaliyyət göstərən digər milli mədəni mərkəzlərin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Aktöbə şəhərində yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrə həsr olunmuş video rolik nümayiş etdirilib.

Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, əsasının ümummilli lider Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti tərəfindən uğurla davam etdirilən əlaqələrin 25 illiyi, həmçinin Aktau şəhərində Baş konsulluğun 10 illik fəaliyyəti ilə bağlı görülən işlərdən danışıb.

Daha sonra, Qazaxıstan Xalqları Milli Assambleriyasının Aktyubinsk vilayəti üzrə katibi Bimaqambetova Zamzaqül Adilqereyevna, Aktyubinsk vilayət hakimliyinin Təhsil və Dillərin inkişafı idarəsinin rəisi Tlubayeva Gülayım Telmanovna, Aktyubinsk vilayət Ağsaqqallar şurasının sədri Kurmanbek Erkin Jalmırzayeviç, K.Jubanov adına Aktöbə Dövlət universitetinin professoru Abdullayev Nurtaza Akişanoviç və Aktyubinsk vilayətində fəaliyyət göstərən Koreyalı milli mədəni cəmiyyətinin sədri Sxay Konstantin Valentinoviç çıxış edərək, Azərbaycan ilə Qazaxıstan arasında mövcud əlaqələrdən, tarixi köklərindən danışaraq, Aktyubinsk vilayətindəki azərbaycanlıların milli mədəni cəmiyyətinin vilayətin sosial-siyasi həyatında göstərdiyi uğurlu fəaliyyəti xüsusi qeyd ediblər və diplomatik əlaqələrin qurulmasının 25 illiyi və dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı təbriklərini bildiriblər.

Aktyubinsk vilayətindəki azərbaycanlıların milli mədəni cəmiyyətinin sədri Şahbaz Camalov, öz növbəsində cəmiyyətin vilayətdə gördüyü işlər və gələcək planlardan danışıb.

Tədbirin rəsmi hissəsinin sonunda Baş konsulluğun Aktyubinsk vilayəti ilə əməkdaşlıq əlaqələrinin inkişafında dəstək vermiş və xidmət göstərmiş şəxslər Baş konsulluğun fəxri fərmanları və xatirə hədiyyələri, həmçinin Aktyubinsk vilayət hakiminə təşəkkür məktubu təqdim olunub.

Rəsmi hissədən sonra Aktyubinsk vilayətində fəaliyyət göstərən rus, ukrayna, tatar, özbək, koreya və belarus milli mədəni cəmiyyətlərin xor, rəqs, musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub

Tədbirdən sonra iştirakçılar üçün ziyafət süfrəsi açılıb.

https://az.trend.az/azerbaijan/society/2842477.html  

növbəti xəbər əvvəlki xəbər