2018-02-15
İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir

Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün biz ötən il ərzində görülən işləri nəzərdən keçirəcəyik və əlbəttə ki, gələcək planlarımız barədə danışacağıq. Şadam ki, qonaqlarımız arasında köhnə və yeni dostlarımız var. Mən, xüsusilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər bir toplantısında iştirak edən Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi salamlamaq istərdim. Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə dəstəyi çox mühümdür.

Bu gün mən, həmçinin yüksək səviyyəli nümayəndələri - burada bizimlə birlikdə olan ABŞ və Birləşmiş Krallıq hökumətlərinə təkcə “Cənub Qaz Dəhlizi” layihəsinə deyil, 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığımı ifadə etmək istərdim. Xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri ABŞ və Birləşmiş Krallıq hökumətləri tərəfindən güclü şəkildə dəstəklənib. Bu dəstək davam edir və onu göstərir ki, bu ölkələrlə yaxın tərəfdaşlığımız, əlaqələrimiz bizim hamımıza öz məqsədlərimizə çatmağa kömək edir. Əlbəttə ki, mən Cənub Qaz Dəhlizinə üzv olan ölkələrdən – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliyadan olan tərəfdaşlarımızı, yüksək səviyyəli hökumət rəsmilərini, həmçinin tərəfdaşlarımızı, böyük komandanın gələcək üzvlərini salamlamaq istərdim. Mən artıq onları böyük komandanın üzvləri hesab edə bilərəm, çünki biz artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalamışıq. Şadam ki, bugünkü toplantıda ilk dəfə olaraq bizə dost ölkələr olan Rumıniya və Türkmənistandan nümayəndələr iştirak edirlər. Onların bu toplantıda iştirakı, həmçinin bizim layihəmizə böyük əhəmiyyət verdiklərini nümayiş etdirir".

Azərbaycan Prezidenti qeyd edib ki, sözsüz ki, “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrası mümkün olmazdı:

"Mən verdikləri töhfələrə, əzm və maliyyə dəstəyinə görə şirkətlərin və dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrini alqışlayıram. Əslində, sizin Şuranın toplantısında iştirakınız onu göstərir ki, biz hamımız üçün mühüm əhəmiyyət kəsb edən qlobal layihələr, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihələri və regionumuzda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa müvəffəq olmuşuq.

2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi, çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi və dördüncü toplantı Avropa Komissiyası və Azərbaycan tərəfindən təşkil olunub. Mən layihənin həyata keçirilməsinə verdiyi böyük töhfəyə görə bir daha cənab Şefçoviçə xüsusi minnətdarlığımı bildirmək istərdim.

Biz artıq dördüncü dəfədir görüşürük. Bu əməkdaşlıq formatı artıq səmərəli olduğunu və çox yaxşı nəticələrə yol açacağını sübut edib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq.

https://az.trend.az/azerbaijan/politics/2861567.html 

növbəti xəbər əvvəlki xəbər