2018-03-30
Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov ilə Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Baş konsulluq ilə Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili razılaşdırılıb, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti ilə əlaqələrin genişləndirilməsi, tələbə və pedaqoqların təcrübə mübadiləsinin aparılması, Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetdə mühazirələrin oxunması üçün Azərbaycanın ali təhsil müəssisələrindən pedaqoqların dəvət olunması məsələləri müzakirə edilib.

Həmçinin Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində aprelin 23-dən 27-dək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qərara alınıb.

Mədəniyyət günləri çərçivəsində AXC-nin 100 illiyinə həsr olunan fotosərgi, Azərbaycan Kinosu Günləri, Azərbaycan milli mətbəxi, “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsi, Azərbaycan musiqiçilərinin və rəqs qrupunun ifasında konsert proqramının keçirilməsi nəzərdə tutulur.

https://azertag.az/xeber/1148501 

növbəti xəbər əvvəlki xəbər