2018-04-04
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi Aktauda qeyd olunub

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu və Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirib.

Əvvəlcə tədbir iştirakçıları azərbaycanlıların soyqırımına həsr olunmuş fotosərgi ilə tanış olublar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları ilə bağlı məlumat verib. O, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu cinayətlərin uzun illər gizli saxlanıldığını diqqətə çatdırıb.

Diplomat bu qanlı hadisələrə yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmanla siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, hazırda Azərbaycan dövlətinin soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində mühüm işlər gördüyünü bildirib.

Türkiyənin Aktau şəhərindəki baş konsulu Korhan Küngeri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin insanlığa qarşı cinayət olduğunu qeyd edib, Türkiyə dövlətinin və xalqının daim Azərbaycanın yanında olduğunu bildirib.

Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədr müavini Zakir Əkbərov, istefada olan mayor Bəxtiyar Məsimov, tələbə Nərgiz Sultanova tədbirdə çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün xaricdə yaşayan diaspor təşkilatlarımızın və gənclərimizin daha da fəal olmalarının vacibliyini bildirdilər.

Tədbirdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film nümayiş etdirilib.

https://azertag.az/xeber/1149765 

növbəti xəbər əvvəlki xəbər