2018-05-07
Qazaxıstanda ümummilli lider Heydər Əliyevin 95 illiyi qeyd edilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş sil-silə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi” və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə təşkil olunmuş tədbirdə universitetin rəhbərliyi və tələbələrlə yanaşı Atırau vilayətin Akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, filologiya elmləri doktoru Güljan Saqidevna Carasova Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalq arasında əlaqələrin möhkənləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışıb.

Prorektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsinin yüksək qiymətləndirərək, təqaüd almış hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirib.

Sonra Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışıb. Baş konsul çıxışında, artıq yeddinci il təqdim olunan təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universiteti əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd edib.

Daha sonra, Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, habelə bu sahədə aparılmış və hazırda davam etdirilən siyasət barədə danışıb.

Çıxışlardan sonra universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitabları, həmçinin Atırau vilayətindən fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə 75 min tənqə məbləğındə təqaüd təqdim edilib.

Təltiflərdən sonra Heydər Əliyev təqaüdünə layiq görülmüş tələbələr çıxış edərək, öz münnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Atırau vilayət akiminin (qubernatorunun) Qazaxıstan Xalqları Asambleriyasının Atırau təşkilatı üzrə müavini Gülmirə Müslümovna Şakirova çıxış edərək, Baş konsulluğa və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinə minnətdarlığını bildirərək, təşkil olunan tədbirlərin Azərbaycan haqqında daha geniş məlumatlar əldə etməklə yanaşı ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

https://az.trend.az/azerbaijan/society/2899678.html 

növbəti xəbər əvvəlki xəbər