2025-ci il oktyabr ayının 1-5 tarixlərində Aktau şəhərində “Korkut Ata - Türk Dünyası Film Festivalı” keçirilmişdir.
Aktau şəhərinin TÜRKSOY tərəfindən türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq keçirilmiş festivalda Azərbaycan, Türkiyə, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Qazaxıstandan olan 250-dən çox incəsənət xadimləri iştirak etmişlər.
Ölkəmiz festivalda rejissoru Emin Əfəndiyev olan “Tənha insanın monoloqu” bədii filmi, rejissoru Seyran Mahmudoğlu olan “Kür – çaylar anası” sənədli filmi, ssenaristi, rejissoru, baş rol ifaçısı Taleh Yüzbəyov olan “Bəlkə də” filmi, rejissoru və ssenaristi İlqar Səfat olan “Doğma torpaq” bədii filmi, rejissoru Elməddin Alıyev və Xəyyam Abdullazadə olan “Nargin” bədii-sənədli filmi, rejissor və ssenarist Şamil Əliyevin “Tağıyev. Neft” filmi və rejissoru Rafiq Hacıyev olan “Oriondan sevgilərlə” qısametrajlı bədii filmi ilə təmsil olunmuşdur.
Qazaxıstandan Aydın Saxmanın sədrlik etdiyi festivalın münsiflər heyətində azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Mehriban Zəki də yer almışdır.
Beynəlxalq tədbirin bağlanış mərasimində ən yaxşı filmlər, rejissorlar, ssenaristlər və aktyorlar müəyyən olunaraq onlara mükafatlar təqdim edilmişdir.
Taleh Yüzbəyov “Bəlkə də” filmi ilə “Ən yaxşı ssenarist” nominasiyasının, aktyor Pərviz Məmmədrzayev “Tağıyev. Neft” filmindəki rolu ilə “Ən yaxşı aktyor” nominasiyasının qalibi olmuşlar. “Nargin” bədii-sənədli filmi isə “Ən yaxşı sənədli film” nominasiyasında 2-ci yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktor müavini Qurban Pirimovun rəhbərliyi ilə ölkəmizi festivalda təmsil edən incəsənət xadimləri Baş Konsulluğumuzu da ziyarət etmişlər. Görüş zamanı baş konsul Ayxan Süleymanlı festivalda uğurlu iştirakla bağlı məmnunluğunu ifadə etmiş, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.




