2025-ci il oktyabr ayının 4-9 tarixlərində Aktau şəhərində “TurkicSkills-2025” çempionatı keçirilmişdir.
Çempionat Qazaxıstan dövlət başçısı tərəfindən elan edilmiş “İşçi Peşələri İli” çərçivəsində təşkil olunmuş və Qazaxıstan, Türkiyə, Azərbaycan, Macarıstan, Özbəkistan və Qırğızıstandan olan təxminən 70 kollec və peşə məktəb tələbələrini bir araya gətirmişdir.
Qazaxıstan Respublikasının Maarif Nazirliyinin və Manqistau vilayətinin akimliyinin təşkilatçılığı ilə keçirilmiş bu tədbirdə gənc mütəxəssislər mühəndislik, informasiya texnologiyaları, istehsal, robototexnika və xidmət sahələrini əhatə edən 10 müxtəlif sahə üzrə yarışmışlar.
Çempionatın keçirilməsində məqsəd işçi peşələrinin nüfuzunu artırmaq, ortaq peşəkar məkan formalaşdırmaq, türkdilli ölkələrin gənc mütəxəssisləri arasında təcrübə mübadiləsini təşviq etmək, gənclərin potensialını üzə çıxarmaq, müasir texnologiyaların tətbiqini təşviq etmək və zamanın tələblərinə cavab verən yeni nəsil ixtisaslı kadrlar hazırlamaq olmuşdur.
Keçirilmiş çempionatda ölkəmizi dörd tələbə təmsil etmişdir. DİV Akademiyasının tələbəsi Emil Hüseynov “Veb texnologiyası”, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Cahid Güləhmədov isə “Qaynaq işi” üzrə yarışlarda 3-cü yerə layiq görülərək bürünc medal qazanmışlar.
Baş konsul Ayxan Süleymanlı ölkəmizdən olan nümayəndə heyəti ilə görüşmüş, qalibləri təbrik etmiş və tələbələrə gələcək yarışlarda uğurlar arzulamışdır.