2025-10-22

Azərbaycan–Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20-21 oktyabr 2025-ci il tarixlərində Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir.

Azərbaycan və Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində gündən-günə inkişaf etməkdədir. Son illər prezidentlərinin müntəzəm şəkildə həyata keçirdikləri rəsmi və işgüzar səfərlər ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb.

Siyasi əlaqələrin dərinləşməsinin əsasını iqtisadi münasibətlərin inkişafı təşkil edir. Azərbaycan və Qazaxıstan yerləşdikləri əlverişli coğrafi mövqedən səmərəli istifadə edərək Orta Dəhlizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayırlar. Bu, yükdaşımaların həcmini artırmaqla yanaşı, tranzit potensialını da əhəmiyyətli dərəcədə genişləndirib.

2020–2025-ci illərdə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi təxminən 3,8 dəfə artıb, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. 2024-cü ildə ticarət dövriyyəsi 470 milyon dollar təşkil etdiyi halda, 2025-ci ilin yanvar–avqust aylarında isə göstərici artıq 547,6 milyon dollara yüksəlib. Bunun 481,6 milyon dollarını idxal, 66 milyon dollarını isə ixrac təşkil edir. Qazaxıstandan Azərbaycana idxal olunan məhsulların təxminən 90 faizi üç kateqoriyadan ibarətdir: qızıl (yarımemal formalarda) – təxminən 54 faiz, buğda – 25 faiz, xam neft və neft məhsulları – 8 faiz. Azərbaycanın Qazaxıstana ixracında isə son illərdə sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artır. 2025-ci ilin göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35 faiz, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17 faiz, dizel mühərrikli avtomobillər 10 faiz təşkil edib.

 Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələrinin də genişlənir. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. 2005-2025-ci illərdə Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon dollar, Qazaxıstandan isə Azərbaycana 156 milyon dollar həcmində investisiya yönəldilib. İki ölkə arasında investisiya əlaqələri də səfərin əsas gündəliyində olub. 2025-ci ilin ticarət dinamikası göstərir ki, tərəflər arasında xammal ticarətindən yüksək əlavə dəyərli sənaye və xidmət əməkdaşlığına keçid gündəlikdədir. Prezident İlham Əliyevin səfəri bu keçidin yeni mərhələsinə start verən əsas siyasi hadisə kimi qiymətləndirilə bilər.

Həmçinin son illərdə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı turist axınının da dinamik artım nümayiş etdirdiyi müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, 2023-cü ildə Qazaxıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 49 min nəfərdən 2024-cü ildə 51 min nəfərə yüksəlib, 2025-ci ilin yanvar–avqust aylarında isə artıq 34 min nəfərə çatıb. Azərbaycanı ziyarət edən Qazaxıstan vətəndaşlarının sayı 2023-cü ildə 58 min nəfərdən 2024-cü ilə 86 min nəfərə çatıb, yəni təxminən 49 faiz artıb, 2025-ci ilin ilk 8 ayında isə 69 min 332 nəfərə bərabər olub. Bu dinamika iki ölkə arasında turizm və biznes əlaqələrinin intensivləşdiyini, xüsusilə də nəqliyyat-logistika əlaqələrinin güclənməsi fonunda insan axınlarının da strateji əməkdaşlığın təbii davamına çevrildiyini göstərir.

Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. 2025-ci ilin mart ayında Qazaxıstanın Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və ölkənin 22 universitetinin, o cümlədən Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rəhbərlərinin də nümayəndə heyətinin tərkibində Azərbaycanda olmuşlar. Səfər çərçivəsində Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin ölkəmizin aparıcı ali məktəblərinin rəhbərliyi ilə mühüm görüşləri olmuş, təhsil yarmarkası təşkil edilmişdir. Hazırda Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isə Qazaxıstandan 80-ə yaxın tələbə təhsil alır. Qazaxıstanda təhsil alan  tələbədən 100-ə yaxın tələbə Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində təhsil alır.

 

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük dövriyyəsində Qazaxıstan limanları ilə daşımaların payı illik təxminən 35 faiz təşkil edir. 2024-cü ildə bu həcm 2,6 milyon ton, 2025-ci ilin ilk doqquz ayında isə artıq 2,1 milyon ton səviyyəsində qeydə alınıb. Ümumilikdə isə son illərdə məhz Azərbaycan–Qazaxıstan nəqliyyat və enerji əməkdaşlığı sayəsində Orta Dəhliz üzrə yüklərin həcmi rekord templərlə artır. Xüsusilə konteyner daşımaları təxminən iki dəfə artaraq 40 min 200 TEU səviyyəsinə çatıb. Son 5 ildə ümumi yük dövriyyəsi 0,8 milyon tondan (2020) 4,5 milyon tona (2024) yüksəlib. 2025-ci il üçün hədəf 5,2 milyon ton və 70 min TEU həcmində müəyyən edilib. Dəhliz üzrə Qazaxıstanın əsas ixracını neft və neft məhsulları, metal, kimya məhsulları və taxıl, idxal və tranzit axınlarını isə istehlak malları, qida, nəqliyyat vasitələri və avadanlıqlar təşkil edir. Bundan əlavə, Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixracı getdikcə daha böyük əhəmiyyət qazanır. “KazMunayGas” və SOCAR arasında 2022-ci ilin noyabrından etibarən həyata keçirilən birgə ixrac çərçivəsində 2023-cü ildə 1 milyon ton, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ilin ilk səkkiz ayında isə təxminən 0,9 milyon ton neft göndərilib. Plana əsasən, 2027-ci ilə qədər illik ixrac həcmi 7 milyon tona çatdırılacaq, həmçinin Bakı–Supsa marşrutu alternativ istiqamət kimi nəzərdən keçirilir. Bu göstəricilər Qazaxıstan üçün Azərbaycan üzərindən keçən enerji və logistika marşrutlarının strateji rolunun artdığını, iki ölkə arasında iqtisadi əməkdaşlığın artıq neft, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində dərin inteqrasiya mərhələsinə daxil olduğunu təsdiqləyir.

Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırıb.

Səfər zamanı dövlət başçıları münasibətləri strateji müttəfiqliyə yüksəldən “Strateji Tərəfdaşlıq Müqaviləsinin 20 illiyi ilə bağlı Birgə Bəyanat”, “Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci Qərarı” və “Xarici İşlər Nazirləri Şurasının Əsasnaməsinin təsdiq edilməsinə dair 2-ci Qərar” kimi mühüm sənədlər imzalayıblar. Bu razılaşmaların nəticəsində ticarət, investisiya və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi gözlənilir. Səfər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib və yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Arxiv üzrə axtarış