2025-10-31

Aktau şəhərində beynəlxalq forum və Türkdilli Dövlətlərin Beynəlxalq Boccia Turniri keçirilmişdir.

2025-ci il oktyabr ayının 26-da Aktau şəhərində “İnklüziv İdman: Türk Dünyasının

Təcrübəsi və Gələcəyi” adlı beynəlxalq forum, 28-30 tarixlərində isə Türkdilli Dövlətlərin Beynəlxalq Boccia Turniri keçirilmişdir.

Forumda və Turnirdə “Boccia” idman növü üzrə Manqistau vilayət federasiyasının prezidenti, Manqistau vilayətinin akim müavini, Akktau şəhərindəki diplomatik korpusun nümayəndələri, diasporumuzun üzvləri, eləcə də türk dövlətlərindən və Qazaxıstanın bütün regionlarından gəlmiş idmançılar və qonaqlar iştirak etmişlər.

Forumda Azərbaycan Respublikası Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov “Boccia – Gücün Sərhədi Yoxdur” mövzusunda çıxış etmişdir.

Tədbir zamanı inklüziv idmanın inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunmuş və boccianın sosial inteqrasiyanın mühüm aləti kimi təşviqi istiqamətində qərarlar qəbul edilmişdir.

Oktyabr ayının 28-30 tarixlərində keçirilmiş Türkdilli Dövlətlərin Beynəlxalq Boccia Turnirində Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan 30 idmançı iştirak etmişdir. Turnirdə ölkəmizi 6 idmançı təmsil etmişdir.

Turnirin əsas məqsədi türk dilli dövlətlər arasında mədəni və idman əməkdaşlığını möhkəmləndirmək, paralimpiya hərəkatını inkişaf etdirmək və məhdud imkanlı insanların cəmiyyətdəki fəallığını artırmaq olmuşdur.

Turnirdə idmançılarımız BC1 kateqoriyasında bir, BC2 kateqoriyasında iki, BC4 kateqoriyasında iki qızıl, BC4 kateqoriyasında isə bir gümüş medal qazanmışlar. Paraolimpiyaçılarımız BC4 cütlüyündə və BC1-BC2 üçlüyündə qızıl medal qazanaraq turniri komanda hesabında birinci yerdə başa vuraraq xüsusi mükafatlara və hədiyyələrə layiq görülmüşlər.

İdmançılarımızı səmimi qəlbdən təbrik edirik!!!

Arxiv üzrə axtarış