8 Noyabr-Zəfər Gününün beşinci ildönümü ilə bağlı Aktau şəhərində bayram tədbiri keçirilmişdir.
Noyabr ayının 06-da Baş konsulluq tərəfindən Aktau şəhərinin “Grand Hotel Victory” mehmanxanasında 8 Noyabr–Zəfər Gününə həsr olunmuş ziyafət təşkil edilmişdir.
Ziyafətdə Manqistau Vilayət Maslixatının sədri, vilayətin Xalq Nəzarəti Şurasının sədri, Aktau şəhər akiminin müavini, Türkiyə Respublikasının, İran İslam Respublikasının, Özbəkistan Respublikasının, Türkmənistan Respublikasının Aktaudakı baş konsulları və konsulluğun əməkdaşları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rekrotu, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
İştirakçılar öncə Vətən Müharibəsini özündə əks etdirən fotosərgi ilə tanış olmuş, sonra isə baş konsul Ayxan Süleymanlı, Manqistau Vilayət Maslixatının sədri Janbırbay Matayev, “Azərbaycan Mərkəzi”nin rəhbəri, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti İlkin Orucov, “Dostluq” Etnomədəni Birliyinin üzvü Vaqif Nəbiyev çıxış etmişlər. Çıxışlar zamanı böyük ekranda Vətən Müharibəsi ilə əlaqədar baş konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilmişdir.
Baş konsul A.Süleymanlı çıxışında Vətən Müharibəsinin başlanma tarixindən, ordumuzun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında keçdiyi rəşadətli döyüş yolundan, 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatdan söz açmış, Vətən müharibəsində Azərbaycan xalqının qələbəsi "xalq-dövlət-ordu" birliyinin gücü ilə təmin edildiyini qeyd etmişdir.
Vətən müharibəsindən sonra regionda yeni reallıqlar formalaşdığını, Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı gücü olaraq sülhün və təhlükəsizliyin təminatçısına çevrildiyini qeyd edən baş konsul Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri barədə qonaqlara məlumat vermişdir. 2024-cü ilin mart ayında Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev ölkəmizə etdiyi dövlət səfəri çərçivəsində prezidentlərin iştirakı ilə erməni işğalından azad edilmiş Füzuli şəhərində Qazaxıstan dövlətinin vəsaiti ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olduğunu diqqətə çatdırmış, Qazaxıstan prezidentinin təşəbbüsü ilə inşa edilmiş Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan xalqı üçün böyük hədiyyə olduğunu xüsusi olaraq qeyd etmiş və Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan prezidentinə və xalqına dərin təşəkkürünü bildirmişdir.
Çıxışının sonunda A.Süleymanlı şəhidlərimizi dərin ehtiramla xatırlayaraq qeyd etmişdir ki, Zəfər Günü Azərbaycan xalqı üçün yalnız bir tarixi hadisə deyil, həm də sarsılmaz birliyin, milli birlik və yenilməz iradənin simvolu olmaqla yanaşı xalqımız üçün milli qürurun, milli ləyaqətin bərpa olunduğu bir gündür.
Manqistau Vilayət Maslixatının sədri J.Matayev öz çıxışında Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etmiş, ən xoş arzularını çatdırmış, ölkələrimiz arasında münasibətlərdən və xalqlarımızın dostluğundan söz açmışdır. J.Matayev ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirmiş, hazırda Azərbaycan ilə Qazaxıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini söyləmişdir.
Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti İ.Orucov və “Dostluq” Etnomədəni Birliyinin üzvü Vaqif Nəbiyev isə çıxışlarında ordumuzun rəşadətindən, xalqımızın müharibə zamanı göstərdiyi birlikdən söz açmış və xalqımızı qələbə münasibəti ilə təbrik etmişlər.
Çıxışlardan sonra təşkil edilmiş ziyafətdə 2020-ci ilin dekabr ayının 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı nümayiş etdirilmiş, həmçinin Azərbaycanın və Qazaxıstanın milli rəqsləri ifa olunmuş, konsert proqramı təşkil edilmişdir.



