Aktau şəhərində “Manqistau vilayətinin ticarət potensialı” mövzusunda beynəlxalq forum keçirilmişdir.





Tədbirdə Manqistau vilayətinin akim müavini Tilek Jetkizqenulı çıxış etmişdir. Akim müavini çıxışında vilayətin nəqliyyat-logistika imkanlarından, vilayətdə ticarət infrastrukturunun inkişafı, ixrac potensialının artırılması və kiçik və orta biznesin rəqabətədavamlılığının yüksəldilməsi istiqamətində görülən işlərdən söz açmış və forumun təkcə vilayətin deyil, bütün ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Akim müavini tədbirdə həmçinin Aktau şəhərində akkreditə olunmuş Türkiyənin, Türkmənistanın, Özbəkistanın, İranın Baş Konsulluqlarının rəhbərlərinə, o cümlədən Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıya vilayətin sosial-iqtisadi inkişafına göstərdikləri töhfəyə görə təşəkkür məktubları təqdim etmişdir.
Forum çərçivəsində iki istiqamət üzrə panel sessiyaları olmuşdur. Birinci panel sessiyası "İxrac potensialı" mövzusuna, ikinci panel sessiyası isə "Maliyyə dəstək alətləri" mövzusuna həsr edilmişdir. Sessiyalarda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlər və Qazaxıstan İxrac-Kredit Agentliyinin təqdim etdiyi dəstək alətləri müzakirə edilmişdir.
Forum çərçivəsində həmçinin yarmarka da təşkil olunmuşdur. Baş Konsulluğun təşkilatçılığı ilə bu yarmarkada ölkəmizi "KazFruit" şirkəti və "Grandmart" marketi təmsil etmiş, ziyarətçilərə dadlı meyvələrimiz və ölkəmizdə istehsal olunan ərzaq məhsulları təqdim edilmişdir.