Aktau şəhərində TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirlərinin 42-ci iclası və “Aktau – türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilmişdir.
İclasda Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Askaralı Madaminov, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, eləcə də Manqistau vilayətinin akim müavini Tlеgen Abişev iştirak etmişlər.
Görüş zamanı Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə qəbul olunmuş qərarlar və qarşıya qoyulmuş tapşırıqlar müzakirə edilmiş, həmçinin 2026-cı ildə TÜRKSOY-un fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul olunmuşdur. Toplantının yekununda iştirakçı dövlətlər tərəfindən TÜRKSOY Bəyannaməsi qəbul edilmişdir.
Günün ikinci yarısı Aktau şəhəri türk dünyasının 2025-ci il mədəniyyət paytaxtı ilinin bağlanışına həsr olunmuş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistandan və Özbəkistandan olan 300-dən çox sənətçinin möhtəşəm vokal və rəqs nömrələri ilə çıxış etdiyi qala-konsertlə davam etmişdir.
Keçirilmiş qala-konsertdə ölkəmizi Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva, kamança ifaçısı Nurəddin Tağıyev və 12 nəfər rəqqas təmsil etmişdir. Ölkəmizdən olan incəsənət xadimlərinin çıxışı iştirakçılar tərəfindən coşğu ilə alqışlanmışdır.




