2025-12-08

Aktau şəhərində ulu öndərin vəfatının ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.

2025-ci il dekabr ayının 5-də Baş konsulluğun və Aktau şəhərində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı ilə Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Qazaxıstan: Liderlik, İrs və Müasir Əhəmiyyət” elmi-praktik konfrans keçirilmişdir.

Konfransda universitetin rektoru, prorektoru, müəllimləri, tələbələri, Türkiyənin, Özbəkistanın, İranın baş konsulları, Türkmənistanın konsulu, Baş konsulluğumuzun əməkdaşları və diasporumuzun üzvləri iştirak etmişlər.

Konfrans iştirakçıları öncə ulu öndərin həyat və fəaliyyətinə dair kitablarla tanış olmuşlar.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov konfransı açdıqdan sonra baş konsul Ayxan Süleymanlının, universitetin prezidenti-rektoru Berik Axmetovun, universitetin professoru Akmaral Medixanovanın, “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynovun, diasporumuzun üzvü Yusif Quliyevin, o cümlədən konfransa Azərbaycandan canlı qoşulan Azərbaycan Milli Akademiyasının və Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü, professor Vəli Hüseynovun,  Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərovun, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müdiri Rauf Həsənovun, Azərbaycan Universitetinin kafedra müdir Elvin Talışinskinin çıxışları olmuşdur.

Universitetin prezidenti-rektoru B.Axmetov çıxışında Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən söz açmış, Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına töhfələr bəxş etdiyini vurğulamış, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin elm, təhsil sahəsində də hərtərfli əməkdaşlığa imkan yaratdığını qeyd etmişdir.

Baş konsul Ayxan Süleymanlı öz çıxışında qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, xalqımızı zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararan, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyat və fəaliyyətindən, o cümlədən ulu öndərin mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan söz açmışdır.

Digər çıxış edənlər Heydər Əliyevi ölkəmizin və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində unikal, dahi şəxsiyyət və müasir Azərbaycan dövlətinin qurucusu, dünyanın tanınmış siyasətçilərindən biri olduğunu qeyd etmişlər və Azərbaycanın əldə etdiyi nailiyyətlərin bununla bağlı olduğunu vurğulamışlar.

Konfransdan sonra ulu öndərin ruhuna ehsan süfrəsi açılmışdır. 

Arxiv üzrə axtarış