2025-12-08

Aktau şəhərində “Qələbə birlikdədir” mini-futbol turniri keçirilmişdir.

2025-ci il sentyabr ayının 27-28 və oktyabr ayının 5 -də Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyi tərəfindən “Qələbə birlikdədir” mini-futbol turniri təşkil olunmuşdur.

Aktau şəhərindəki etnomədəni birliklər arasında keçirilmiş turnirdə burada yaşayan azərbaycanlıların “Dostluq”  etnomədəni birliyinin komandası da iştirak etmişdir. Həmvətənlilərimizin komandası keçirilmiş oyunlarda qələbələr qazanaraq finala yüksəlmiş və finalda “Rus icması”  komandasını məğlub edərək turnirin qalibi olmuşdur.

Bu münasibətlə dekabr ayının 5-də Baş konsulluğun binasında baş konsul Ayxan Süleymanlı “Dostluq”  etnomədəni birliyinin komandasının oyunçularını, məşqçisini, “Dostluq” Etnomədəni Birliyinin sədrini və diasporumuzun fəallarını qəbul etmişdir.

Qəbul zamanı baş konsul komandanı turnirin qalibi olması münasibəti ilə təbrik etmiş, gələcək yarışlarda uğurlar və yeni-yeni zəfərlər arzu etmişdir.

“Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, komandanın kapitanı Elçin Qocayev, məşqçisi Eldəniz Heydərov və meneceri Şahin Süleymanov öz çıxışlarında göstərilən diqqətə və qayğıya görə baş konsula təşəkkürlərini bildirmişlər və gələcəkdə də vilayətdə keçiriləcək turnirlərdə xalqımızı layiqincə təmsil edəcəklərini söyləmişlər.

Görüş zamanı komandanın yaradılma tarixindən, üzləşdikləri problemlərdən, ehtiyac olan təminatlardan söz açılmış və gələcək hədəflər barədə fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda A.Süleymanlı turnirdə fərdi nominasiyalar üzrə “Ən yaxşı hücumçu”, “Ən yaxşı oyunçu” adını almış Bayram Zaxaddinova, Ramil İsrapilova, o cümlədən komandanın bütün üzvlərinə Baş konsulluğun adından təşəkkürnamələr təqdim etmiş və komandaya pul mükafatı vermişdir.    

Arxiv üzrə axtarış