“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 iyun 2026

Baş konsul Ayxan Süleymanlı Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviçlə görüşmüşdür.

İyun ayının 21-24 tarixlərində baş konsul Ayxan Süleymanlı və konsul Mübariz Cəfərov Aktöbe vilayətində səfərdə olmuşlar.

 Səfər çərçivəsində baş konsul Ayxan Süleymanlının iyun ayının 22-də Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviçlə nəzakət görüşü olmuşdur.

Görüşdə A.Süleymanlı Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu söyləmiş, Qazaxıstan və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədə olduğunu qeyd etmişdir.

Baş konsul 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Qazaxıstanın vəsaiti hesabına işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimini xatırlamış, bu mərkəzin Azərbaycan xalqına verilmiş dəyərli hədiyyə olduğunu qeyd etmiş və Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan Prezidentinə və xalqına dərin minnətdarlığımızı bildirmişdir.

Baş konsul həmçinin məmnunluq hissi ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından, Orta Dəhliz vasitəsi ilə yük daşımalarının həcminin artmasından, humanitar sahədə əlaqələrin uğurla inkişaf etməsindən, o cümlədən təhsil və elm sahəsində əməkdaşlığın inkişafından söz açmışdır.

Aktöbe şəhər akimi Beket Azamat Bauırjanoviç öz növbəsində şəhərdə aparılan quruculuq işlərindən, həyata keçirilən layihələrdən söz açmış, diasporumuzun fəaliyyətindən razılığını bildirmiş və  həmvətənlilərimizin şəhərin həyatında aktiv iştirak etdiklərini qeyd etmişdir.

Görüşdə həmçinin humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılmış və bu sahədə gələcək planlar müzakirə edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti