Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayət akimi Şaxarov Asxat Berleşeviçlə görüşmüşdür.
İyun ayının 21-24 tarixlərində baş konsul Ayxan Süleymanlı və konsul Mübariz Cəfərov Aktöbe vilayətində səfərdə olmuşlar.
Səfər çərçivəsində baş konsul Ayxan Süleymanlı iyun ayının 23-də Aktöbe vilayətinin akimi Şaxarov Asxat Berleşeviçlə görüşmüşdür.
A.Şaxarov A.Süleymanlını salamladıqdan sonra Xəzər dənizinin sahilində yerləşən ölkələrimizin dost, qardaş dövlətlər olduğunu qeyd etmiş, xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar barəsində söz açmış və baş konsula diplomatik xidmətində uğurlar arzulamışdır.
A.Süleymanlı vilayət akiminə vaxt tapıb onu qəbul etdiyi üçün təşəkkürünü bildirmiş, ortaq dini, dili, tarixi olan dost və qardaş xalqlarımızın münasibətlərinin qədim tarixi olduğunu söyləmiş, vurğulamışdır ki, dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir. Prezidentlərin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərdiyini qeyd edən baş konsul ikitərəfli əlaqələrlə bağlı 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Qazaxıstanın vəsaiti hesabına işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimini xatırlamış, bu addımın Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
A.Süleymanlı görüşdə eyni zamanda ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından, Orta Dəhliz vasitəsi ilə yük daşımalarının həcminin artmasından, humanitar sahədə əlaqələrin uğurla inkişaf etməsindən, o cümlədən təhsil və elm sahəsində əməkdaşlığın inkişafından söz açmışdır.
A.Şaxarov öz növbəsində ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq duyduğunu dilə gətirmiş və iqtisadi əlaqələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, hazırda Aktöbe vilayəti ilə Azərbaycan arasında ticarət əlaqələrində müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar–aprel aylarında qarşılıqlı ticarət dövriyyəsi 280,9 min ABŞ dolları təşkil etmişdir. Vilayətə əsasən tələbatı yüksək olan meyvə-tərəvəz məhsulları idxal olunur. Qeyd etmişdir ki, hazırda Aktöbe şəhərində Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərən 12 müəssisə mövcuddur.
Sonra A.Şaxarov vilayətin dağ-mədən və metallurgiya, neft-qaz-kimya sənayesi, tikinti sənayesi, kənd təsərrüfatı, məhsulların emalı və logistika sahələrində mövcud imkanları barədə məlumat vermiş, birgə müəssisələrin sayının artırılmasına, yeni investisiya layihələrinin həyata keçirilməsinə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını söyləmişdir.
Görüşdə həmçinin humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılmış və bu sahədə gələcək planlar müzakirə edilmişdir.