Baş konsul Ayxan Süleymanlı Aktöbe vilayəti Daxili İşlər Departamentinin rəisi Kairken Aliyevlə görüşü olmuşdur.
Baş konsul Ayxan Süleymanlının Aktöbe vilayətinə etdiyi səfər çərçivəsində iyun ayının 22-də Aktöbe vilayətinin Daxili İşlər Departamentinin rəisi Kairken Aliyevlə nəzakət görüşü olmuşdur.
Görüşdə Azərbaycan və Qazaxıstan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıqdan söz açılmış, qarşılıqlı səfərlər xatırlanmış, təhlükəsizlik təhdidləri sahəsində əməkdaşlığın prioritet məsələləri müzakirə edilmişdir.
A.Süleymanlı ikitərəfli münasibətlər, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylər, qabaqcıl təcrübə və operativ məlumat mübadiləsi, eləcə də yaradılmış normativ-hüquqi baza ilk növbədə xalqlarımızın və dövlətlərimizin maraqlarına, regionda təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini söyləmişdir.
Baş konsul polis rəisinə Azərbaycan vətəndaşlarının Aktöbe vilayətində müvəqqəti və ya daimi yaşamaları üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlığını bildirmiş, vətəndaşlarımıza qardaş qazax xalqı tərəfindən göstərilən səmimi və dost münasibəti yüksək qiymətləndirmişdir.
K.Aliyev öz növbəsində Azərbaycanla Qazaxıstan strateji tərəfdaş, dost və qardaş dövlət olduğunu qeyd etmiş, vilayətdə yaşayan azərbaycanlılar barəsində məlumat vermişdir.
A.Süleymanlı görüşün sonunda fürsətdən istifadə edərək 23 iyun - Qazaxıstan Respublikasında Polis Günü ilə əlaqədar K.Aliyevi və rəhbərlik etdiyi kollektivi peşə bayramı münasibətilə təbrik etmişdir.