2019-02-26
Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Aktaudakı Baş konsulluğu tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin üzvləri, digər milli-mədəni cəmiyyətlərin rəhbərləri və əməkdaşları, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvləri və azərbaycanlı tələbələr iştirak edib.

Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil olunub.

Əvvəlcə Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş olunub.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından danışıb.

E.Zeynalov, Xocalıya həsr edilən “Fevral ildırımı” adlı videoklip haqqında söz açaraq, qardaş Qazaxıstan ictimaiyyətinin Azərbaycan tarixinin faciəli səhifələrinə biganə qalmamasını yüksək qiymətləndirib. Bunun nümunəsi olaraq, Qazaxıstanda xalq layihəsi əsasında "Fevral ildırımı" mahnısı yaradıldığını və bu layihənin həyata keçirilməsində məqsədin dünya ictimaiyyətinə Xocalıya ədalət çağırışı etmək olduğunu bildirib.

Klipin nümayişindən sonra, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri, şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov, istefada olan mayor Bəxtiyar Məsimov, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin baş müəllimi Zakir Əkbərov və şair Rövşən Həsənli çıxış edərək, Xocalı faciəsinin insanlığa qarşı misli görünməmiş faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə əminliyini bildiriblər.

https://azertag.az/xeber/1251032 

növbəti xəbər əvvəlki xəbər