2019-05-06
Aktauda Heydər Əliyevin 96-ci və İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 96-ci il dönümünə və Dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirmişdir. Universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi” və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə təşkil olunmuş tədbirdə universitetin rəhbərliyi və tələbələrlə yanaşı Atırau vilayətin Akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.
Universitetin rektoru, kimya elmləri doktoru, professor Ablaz Axad oğlu Taltenov Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalq arasında əlaqələrin möhkənləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışıb.Rektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsini yüksək qiymətləndirərək, təqaüd alan hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirmişdir.
Sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışmışdır. Baş konsulluğun rəhbəri çıxışında, artıq səkkizinci il təqdim olunan təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universiteti əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd etmişdir.
əvvəlki xəbər