Aktau şəhərində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Baş konsulluğun əməkdaşları, Türkiyənin, İranın Aktaudakı baş konsulları və əməkdaşları, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
İştirakçılar öncə 20 Yanvar müsibətinin dəhşətlərini özündə əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Tədbirin əvvəlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və baş konsul Ayxan Süleymanlı tədbiri açıq elan edərək çıxış etmişdir.
A.Süleymanlı çıxışında 20 Yanvar faciəsinin səbəbləri və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə əlaqədar geniş məlumat vermiş, bildirmişdir ki, 1987-ci ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdir. Baş konsul hər bir insan qətlinin faciə olduğunu söyləyərək 20 Yanvar gününün azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladları həlak olmaları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirmişdir.
A.Süleymanlı iştirakçıların diqqətinə çatdırmışdır ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsindən sonra dərhal Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək qətliamı törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bunun insan azadlığına, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmiş, faciəyə siyasi qiymət verilməsini və cinayətkarların cəzalandırılmasını tələb etmişdir. Baş konsul qeyd etmişdir ki, Ümummilli Liderin 1990-cı ilin 20 Yanvarında Bakıda baş vermiş qanlı hadisələrdə SSRİ rəhbərliyini pisləyən cəsarətli, kəskin bəyanatı dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmişdir.
A.Süleymanlı ətraflı çıxışının sonunda azərbaycan xalqı öz milli ləyaqətini və müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq yolunda canlarından keçmiş övladları ilə fəxr etdiyini qeyd etmiş, dünyanın heç bir guşəsində belə faciənin təkrarlanmaması üçün hadisəyə ədalətli qiymət verilməsinin zəruriliyini bildirmişdir.
Diasporumuzun nümayəndəsi, professor Yusif Quliyev öz çıxışında faciənin azərbaycan xalqının yaddaşında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi əbədi qalacağını qeyd etmişdir.
Tədbirin sonunda faciə qurbanlarının ruhunu əziz tutmaq üçün ehsan süfrəsi açılmışdır.