“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 may 2026

Aktau şəhərində 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunmuşdur.

May ayının 25-də Baş konsulluq tərəfindən Aktau şəhərinin “Rixos Water World Aktau” mehmanxanasının ziyafət salonunda 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul təşkil olunmuşdur.

Ziyafətdə Manqistau vilayət akiminin (başçısının) müavini Abbat Urisbaev, Aktau şəhərinin meri Abilkair Baypakov,  Vilayət Xalq Assambleyasının sədri, vilayətin baş imamı, Türkiyə Respublikasının, İran İslam Respublikasının, Özbəkistan Respublikasının, Türkmənistan Respublikasının Aktaudakı baş konsulları və konsulluğun əməkdaşları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin prorektoru, müəllimləri və tələbələri, Kurık və Aktau portlarının rəhbərləri,  Manqistau, Atırau, Uralsk vilayətlərindən Azərbaycan diasporunun üzvləri, Aktaudakı digər icmaların diasporunun nümayəndələri,  yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri (180-dən çox qonaq) iştirak etmişdir.

Tədbirdə baş konsul Ayxan Süleymanlı, Aktau şəhərinin meri Abilkair Baypakov, Aktau və Atırau şəhərində fəaliyyət göstərən “Dostluq” və “Novruz” Etnomədəni Birliklərinin sədrləri Şəmsəddin Hüseynov və Eldar Əhmədov çıxış etmişlər.

Baş konsul Ayxan Süleymanlı çıxış edərək müsəlman şərqində ilk demokratik, dünyəvi respublikanın 108 il əvvəl Azərbaycanda yarandığını diqqətə çatdıraraq Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər barədə, habelə XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizinə çevrildiyini vurğulamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə aparılan bərpa quruculuq işlərindən söz açmışdır.

Aktau şəhərinin meri A.Baypakov  öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir.

Aktau və Atırau şəhərində fəaliyyət göstərən “Dostluq” və “Novruz” Etnomədəni Birliklərinin sədrləri Ş.Hüseynov və E.Əhmədov isə öz çıxışlarında bayram münasibəti ilə xalqımızı təbrik etmiş, xaricdə yaşayan azərbaycanlılara göstərilən qayğıya görə dövlətimizə təşəkkürlərini bildirmişlər.

 “Novruz” Etnomədəni Birliklərinin sədri E.Əhmədov ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə baş konsul A.Süleymanlıya və konsul M.Cəfərova, o cümlədən diaspor fəaliyyətinə verilən dəstəyə görə  Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti İlkin Orucova birliyin 25 illiyinə həsr olunmuş yubiley medallarını təqdim etmişdir.

Çıxışlardan sonra vilayət akiminin müavininin, şəhər merinin və baş konsulun iştirakı ilə ziyafət tortu kəsilmiş, Azərbaycanın və Qazaxıstanın milli rəqsləri ifa olunmuş və Aktauda yaşayan azərbaycanlı incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilmişdir.

Baş konsulluq tərəfindən təşkil edilmiş 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul, o cümlədən A.Süleymanlının müsahibəsi yerli “Manqistau TV” tərəfindən işıqlandırılmış, həmçinin Baş konsulluğun təşkilatçılığı ilə Aktau şəhərində 104.6 FM dalğasında yayımlanan “Jolbayan” radiosu may ayının 22-dən 28-dək hər gün  ölkəmizin müstəqillik gününə həsr edilmiş məlumatlandırıcı və musiqili proqram efirə vermişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti