Aktau şəhərində Novruz bayramı qeyd edilmişdir
2026-cı il mart ayının 22-də Novruz bayramı ilə əlaqədar Aktau şəhərinin dəniz kənarında şəhər akimatlığı tərəfindən təşkil edilmiş bayram tədbirinə Baş konsulluq və Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni İctima Birliyi birgə qatılmışdır. Baş konsulluğun maliyyə dəstəyi və “Dostluq” EİB-nin təşkilatçılığı ilə hazırlanmış tədbirdə Baş konsulluğun əməkdaşları, diasporumuzun fəalları, Aktau şəhərində təhsil alan tələbələr iştirak etmişlər.
Ortaq layihə çərçivəsində milli çadır qurulmuş, şəhər sakinləri ləziz milli yeməklərimizə, şəkərbura və paxlavaya qonaq edilmişlər. Diaspora fəallarımız canlı musiqi ifa etmiş, milli paltar geyinmiş gənclərimiz qonaqlarla birgə rəqs etmişdir. Çadırımız şəhər sakinlərinin böyük marağına səbəb olmuş, ətrafında izdiham yaşanmış, tədbir iştirakçıları əyani olaraq xalqlarımızın ortaq adət-ənənəyə malik olmasının bir daha şahidi olmuşlar.