“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 may 2026

Baş konsul Ayxan Süleymanlının Atırau şəhər akimi Keykin Şakir Keykinoviçlə nəzakət görüşü olmuşdur.

Baş konsul Ayxan Süleymanlının Atırau vilayətinə səfəri çərçivəsində may ayının 6-da Atırau şəhər akimi Keykin Şakir Keykinoviçlə nəzakət görüşü olmuşdur.

Görüşdə baş konsul Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu söyləmiş, prezidentlərimiz arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcud olduğunu qeyd etmiş və regionda gedən proseslərdə dövlət başçılarının koordinasiyalı siyasət yürütdüyünü diqqətə çatdırmışdır.

Qazaxıstan və Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edən baş konsul 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Qazaxıstanın vəsaiti hesabına işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimini xatırlamış, bu mərkəzin Azərbaycan xalqına verilmiş dəyərli hədiyyə olduğunu vurğulamış və Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan Prezidentinə və xalqına dərin minnətdarlığımızı bildirmişdir.

A.Süleymanlı eyni zamanda Şirvan şəhəri ilə Atırau şəhəri qardaşlaşmış şəhərlər olduğunu xatırlamış və qarşılıqlı səfərlərin təşkil edilməsinin əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.  

Şəhər akimi öz növbəsində Atırau vilayəti haqqında məlumat verərək qeyd etmişdir ki, Atırau “Qazaxıstanın neft paytaxtı” kimi tanınır və neft, qaz, mədənçıxarma, balıqçılıq vilayətin əsas sənaye sahələridir. Vilayətdə aparılan quruculuq işləri və həyata keçirilən layihələr barədə söz açdıqdan sonra Ş.Keykin diasporumuzun fəaliyyətindən razılıq bildirmiş və həmvətənlilərimizin şəhərin həyatında aktiv iştirak etdiklərini qeyd etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti