“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2026

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Atırau şəhərində anım tədbiri keçirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Baş konsulluq Atırau şəhərində yerləşən Xəlil Dosmuhammedov adına universitetdə anım tədbiri keçirmişdir.

Tədbirdən öncə universitetdə yeni yaradılmış laboratoriyaya baxış keçirilmiş, Baş konsulluq tərəfindən yaradılmış Azərbaycan tədris otağına baş çəkilmiş, kitablar hədiyyə edilmiş, sonra isə universitetin rektoru Salamat İdrisovla baş konsul Ayxan Süleymanlının görüşü keçirilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmış və əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunmuşdur. A.Süleymanlı universitetlər arası əlaqələrin inkişaf etdirilməsinə Baş konsulluğun töhfə verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Universitetin professor-müəllim heyətinin, tələbələrin və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə universitetin rektoru Salamat İdrisov, baş konsul Ayxan Süleymanlı və “Novruz” etno-mədəni təşkilatının sədri Eldar Əhmədov çıxış etmişlər.

A.Süleymanlı çıxışında tədbir iştirakçılarına Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat vermiş, iki ölkə arasında dostluq əlaqələrinin və akademik tərəfdaşlığın əhəmiyyətini vurğulamışdır.

Universitetin rektoru S.İdrisov çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təsis edilmiş təqaüdün qardaş Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun simvollarından birinə çevrildiyini vurğulamış və artıq 14 ildir ki, bu təqaüdün ənənəvi olaraq Atyrau Universitetinin əlaçı və ictimai fəal tələbələrinə təqdim edildiyini bildirmişdir. Qeyd etmişdir ki, bu günə qədər bu mükafata 66 tələbə layiq görülmüş və Baş konsulluğun bu təşəbbüsü iki qardaş ölkə arasında təhsil və mədəniyyət sahəsindəki dostluğun və əlaqələrin bariz nümunəsidir.

Tədbirdə çıxış edən “Novruz” İctimai Birliyinin sədri E.Əhmədov bu təqaüdün təhsil və elm sahəsində nailiyyətlərin dəstəklənməsində mühüm rol oynadığını vurğulamış və tələbələrə təhsillərində uğurlar arzulamışdır.

Çıxışlar zamanı böyük ekranda ulu öndərin həyat və fəaliyyətinə dair Baş konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilmişdir.

Çıxışlardan sonra ulu öndərin təhsilə verdiyi önəmlə bağlı çəkilmiş “Millətin gələcəyi təhsildədir” sənədli filmi nümayiş etdirilmişdir.

Sonra baş konsul A.Süleymanlı universitetin ictimai həyatında fəal iştirakına, təşəbbüskarlığa və akademik nailiyyətlərinə görə universitet tərəfindən seçilmiş  6 tələbəyə - Tolegen Beybarısa (Fizika, riyaziyyat və informasiya texnologiyaları fakültəsi), Arseni Kuleşova (Humanitar elmlər və incəsənət fakültəsi), Dilnaz Dosmuxambetovaya (Təbiət elmləri fakültəsi), Nurbayan Muratovaya (İnnovativ təhsil fakültəsi), Saniya Tayırovaya (İqtisadiyyat və hüquq fakültəsi), Aytac Qurbanovaya (Humanitar elmlər və incəsənət fakültəsi)  ümummilli lider Heydər Əliyevin adını daşıyan təqaüd və təşəkkürnamə təqdim etmişdir.

Bu ilin təqaüdçüləri adından çıxış edən N.Muratova göstərilən etimada görə təşəkkürünü bildirmiş və tələbələrin bundan sonra da təhsil və elm sahəsində yüksək nailiyyətlər əldə etməyə çalışacaqlarını vurğulamışdır.

Tədbir zamanı həmçinin rektor S.İdrisov ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə baş konsul A.Süleymanlıya və konsul M.Cəfərova X. Dosmuhamedov adına Atırau Universitetinin 85 illiyinə həsr olunmuş yubiley medallarını təqdim etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti