İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Qazaxıstan Respublikası
İkitərəfli münasibətlər
Azərbaycan - Qazaxıstan münasibətləri qısa tarixi məlumat:
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılmışdır.
9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildə fəaliyyətə başlamışdır.
Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.
İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilmişdir.
Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər. Azərbaycanın 2012-2013-cü illərdə, Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-ın qeyri-daimi üzvlüyünə namizədliyində bu dəstək faydalı olmuşdur. EXPO-2017 beynəlxalq sərgisinin Qazaxıstana həvalə edilməsi zamanı da Azərbaycanın ilk dəstək verən ölkələrdən olmuşdur. Hər iki ölkə həm də Türk Dövlətləri Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TürkPA, TÜRKSOY təşkilatlarında əməkdaşlıq edir.
Ölkələrimiz nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır.
2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 533 milyon dollar təşkil edib. Qazaxıstanda Azərbaycanın 1500-dən çox biznes nümayəndəsi fəaliyyət göstərir. Qazaxıstan biznesinin Azərbaycandakı fəaliyyəti də artmaqdadır. Hazırda Azərbaycanda 150 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qazaxıstan və Azərbaycan – iki regionun nəqliyyat infrastrukturunda əsas qovşaq nöqtələri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas iştirakçılarıdır. 2024-cü il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcmi 62% artaraq 4,5 milyon tona çatmışdır.
Azərbaycan və Qazaxıstan humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurmuşlar. Qazaxıstanda hazırda 5 Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir. Bunlar Aktau şəhərində yerləşən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”, Atırau Dövlət Universitetində "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi", Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Azərbaycan güşəsi, Almatı şəhərində yerləşən Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi və Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində yaradılmış ümummilli lider Heydər Əliyev otağıdır.
2009-cu il oktyabr ayında Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Sumqayıt və Aktau şəhərlərinin qardaşlaşmış şəhər olması haqqında Bəyannamə imzalanıb və Sumqayıt və Aktau şəhərləri qardaşlaşmış şəhər statusunu alıb. Görkəmli qazax mütəfəkkiri və türkoloqu Əhməd Baydursunovun 150 illik yubileyi şərəfinə Sumqayıt şəhərinin küçələrindən birinə onun adı verilib.
2 may 2017-ci ildə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Milli Lideri Fondunun icraçı direktoru K.Jumabayevin səfəri zamanı sözügedən Fond və Heydər Əliyev Fondu arasında Əməkdaşlıq Memorandum imzalanmışdır.
2018-ci il 16 may tarixində Astana şəhərində Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən, ön sözü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən yazılmış “Идущий впереди” adlı kitabın qazax dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir. 13 iyunda QR Prezidenti Dəftərxanasının rəisi Mahmud Kasımbekovun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində sözügedən kitabın təqdimatı keçirilmişdir.
Qazaxıstanın və Azərbaycanın siyasətçilərinin, dövlət və ictimai xadimlərinin ulu öndərlə bağlı xatirələrini özündə əks etdirən, Heydər Əliyevin Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafındakı xidmətlərindən bəhs edən Qazaxıstan televiziyası “Xoşbəxt həyat” sənədli filmi çəkmişdir.
2023-cü ilin dekabrında Bakı şəhərində Qazaxıstan Mədəniyyət Günləri, 2024-cü ilin sentyabr ayında isə Astana şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir.
2024-cü ilin mart ayında Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin Azərbaycana etdiyi dövlət səfəri çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə erməni işğalından azad edilmiş Füzuli şəhərində Qazaxıstan dövlətinin vəsaiti ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olmuşdur.
2025-ci ilin mart ayında QR-nin Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və ölkənin 22 universitetinin, o cümlədən Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rəhbərlərinin də nümayəndə heyətinin tərkibində Azərbaycanda olmuşlar. Səfər çərçivəsində Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin ölkəmizin aparıcı ali məktəblərinin rəhbərliyi ilə mühüm görüşləri olmuş, təhsil yarmarkası təşkil edilmişdir. Hazırda (2025-ci ildə) Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isə Qazaxıstandan 80-ə yaxın tələbə təhsil alır. Qazaxıstanda təhsil alan tələbədən 100-ə yaxın tələbə Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində təhsil alır.
Ali və yüksək səviyyəli səfərlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına səfərləri: 10-11 sentyabr 2015-ci il, 16 oktyabr 2015-ci il, 9-10 sentyabr 2017-ci il, 12 avqust 2018-ci il, 12-14 oktyabr 2022-ci il, 10 aprel 2023-cü il, 02-03 noyabr 2023-cü il, 3-4 iyul 2024-cü il, 9 avqust 2024-cü il.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfərləri: 11-13 iyul 2016, 9 iyun 2017-ci il
Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstana səfərləri: 12-14 oktyabr 2022-ci il, 25 noyabr 2022-ci il, 02-03 noyabr 2023-cü il, 10 may 2024-cü il.
Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri: 2-3 aprel 2017-ci il
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri: 24 avqust 2022-ci il, 24 noyabr 2023-cü il, 11-12 mart 2024-cü il, 5-6 iyul 2024-cü il, 11-13 noyabr 2024-cü il.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 190 ikitərəfli sənəd imzalanmışdır.