Aktauda keçirilən tədbirdə 20 Yanvar faciəsinin tarixi barədə söhbət açılıb
Azərbaycanın Aktaudakı baş konsulluğu 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirib.
Mərasimdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının üzvləri, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.
Mərasim keçirilən zalda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan fotokompozisiya yaradılıb, kitabların sərgisi təşkil edilib.
Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışıb. O, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların xatirəsinin anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Diplomat ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından danışıb və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirib, ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən siyasi-hüquqi qiyməti diqqətə çatdırıb.
Daha sonra Ümummilli Liderin 20 Yanvar hadisələri ilə bağlı çıxışı tədbir iştirakçılarına təqdim olunub.
Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev və professor Yusif Quliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər.
Daha sonra azərbaycanlı uşaqlar və tələbələr 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirib, film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau