2016-02-02

2 fevral Gənclər Günü Aktauda qeyd edilib

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunda 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.

Baş konsulluq və Aktau şəhərinin Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri, Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan tələbələr, şəhərin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar Günü Məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Baş konsulluğun rəhbəri Elxan Zeynalov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün tarixindən danışıb. O, gənclərlə bağlı aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Gənclər və İdman Nazirliyinin yaradılmasının, müstəqil Azərbaycan Gənclərinin Ümumrespublika forumlarının keçirilməsinin, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsinin, çoxsaylı müvafiq dövlət proqramlarının qəbul olunmasının, “Dövlət gənclər siyasəti haqqında” fərman və sərəncamların, geniş fəaliyyət proqramlarının təsdiq edilməsinin ölkəmizin gənclərimizə yüksək dəyər və qayğısı olduğunu bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çoxsaylı tədbirlər haqqında danışıb. O, istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almalarının, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmalarının ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətin bir hissəsi olduğunu vurğulayıb.

Manqistau vilayət akimliyinin şöbə müdiri, soydaşımız Samirə Abdullayeva çıxışında təmsil etdiyi qurumun rəhbərliyi adından tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib.

Tədbir gənc musiqiçilərin ifasında milli və müasir musiqilərlə, rəqslərlə davam etdirilib. Gənclər tərəfindən hazırlanmış milli xörəklər, müxtəlif salatlar və şirniyyatlar iştirakçılara təqdim olunub.




İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Arxiv üzrə axtarış