2016-02-26

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Aktauda aksiya keçirilib

Fevralın 24-də Aktau şəhərinin dənizkənarı parkında Azərbaycanın bu şəhərdəki baş konsulluğunun və Aktaudakı azərbaycanlı tələbə-gənclərin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan aksiya keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunmuş aksiyada Manqistau vilayətində yaşayan çoxsaylı soydaşlarımızla yanaşı, Türkiyənin Aktau şəhərindəki baş konsulu və konsulluğun əməkdaşları, Aktau şəhər ictimaiyyətinin nümayəndələri, şəhərin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Aksiyada Xocalı şəhərində qətlə yetirilmiş insanların xatirəsi anılıb, üzərində Azərbaycan, qazax, rus və ingilis dillərində “Xocalıya ədalət!” sözləri yazılmış yanar şarlar səmaya buraxılıb.




İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aktau

Arxiv üzrə axtarış