2016-02-26

Xocalı faciəsi qurbanlarının xatirəsi Atırau Dövlət Universitetində yad edilib

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti Xocalı soyqırımının ildönümünü qeyd edib.

X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzində təşkil olunan tədbirdə Qazaxıstan Xalqları Assambleyasının vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, burada yaşayan digər milli-mədəni cəmiyyətlərin rəhbərləri, universitetin müəllimləri və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək 1992-ci il fevralın 26-da Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı haqqında məlumat verib.

Vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Atabayeva Janat Vaxitovna, çeçen-inquş diasporunun sədri Zelimxan Culbalıyev Xocalı qətliamının təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulayıb və Azərbaycan xalqının yanında olduqlarını qeyd ediblər.

Tədbirdə, həmçinin Atırau vilayətində səfərdə olan Qafqaz Universitetinin prorektoru Natiq Paşa ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətdən danışıb.

Sonda Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.





İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Atırau

Arxiv üzrə axtarış