Aktau şəhərində yaşayan çox saylı azərbaycanlılar ölkəmizə dəstək məqsədilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda toplaşmışdırlar.
Aktau, 7 aprel, AZƏRTAC
Aktauda yaşayan çoxsaylı azərbaycanlılar ölkəmizə dəstək məqsədilə Azərbaycanın bu şəhərdəki baş konsulluğunda toplaşıblar.
Torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək belə şərəfli bir gündə soydaşlarımızın ölkəmizlə həmrəylik nümayiş etdirmələrinin qürurverici olduğunu bildirib. O, ermənilərin son təxribatını, təmas xəttində dinc əhaliyə qarşı ağır silahlardan istifadə etməsini və münaqişə zonasında status-kvonun qorunub saxlamasına cəhd etməsini kəskin pisləyərək, dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini vurğulayıb.
Diplomat son günlərdə Azərbaycan ordusunun ona verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyini, işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdiyini qeyd edib. O, Aktau şəhərində yaşayan onlarla azərbaycanlı gəncin baş konsulluğa müraciət edərək könüllü cəbhəyə getmək istəklərini alqışlayıb. Baş konsulluğun rəhbəri Azərbaycan ordusunun kifayət qədər güclü və işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olduğunu bildirərək, hazırda xaricdə yaşayan azərbaycanlıların ölkəmizin haqq işinin dünya ictimaiyyətinə çatdırılmasında aktiv iştirakının vacib olduğunu qeyd edib.
Diplomat son günlərdə Qazaxıstan ictimaiyyətində çoxsaylı qazax qardaş və bacılarımızın Azərbaycanın haqq işinə dəstək verdiklərini, xüsusilə sosial şəbəkələrdə qazax xalqının nümayəndələrinin Azərbaycana dəstəyini, hətta bir çoxlarının torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək istəklərini bildirdiklərini qeyd edərək, bütün azərbaycanlılar adından onlara təşəkkürünü ifadə edib. E.Zeynalov ermənilərin məkrli və daim terrora dəstək verən olduqlarını vurğulayıb, Qazaxıstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi sabitliyinin qorunmasında, burada yaşayan ermənilər tərəfindən törədilə biləcək təxribatların qarşısının alınmasında Qazaxıstan dövlətinin hüquq mühafizə orqanları ilə sıx təmasda olmalarının vacibliyini bildirib.
Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Cəmiyyətinin sədri Vaqif Nəbiyev, cəmiyyətin üzvləri - professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov, Ş.Yesenov adına Aktau Dövlət Mühəndislik və Texnologiyalar Universitetinin baş müəllimi Zakir Əkbərov çıxış edərək, daim xalqımızın yanında olduqlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini söyləyiblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau