Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib
Ermənistan silahlı qüvvələrinin itkiləri isə on qat artıqdır
Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.
Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.
Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.
Erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaqdır.
Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır.