İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyerin adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə
İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyer Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.
Yannik Pelletiyer səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədəyini bildirib. O, bu qondarma rejimin Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılığını yazıb.
İşğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan Hökuməti və xalqından üzr istəyən Yannik Pelletiyer gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
O, qeyd olunanları nəzərə alaraq, 2016-ci ilin 20 avqust tarixindən 20 sentyabr tarixinədək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FİDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş edib.
Yannik Pelletiyerin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun Azərbaycana səfər etməsi üçün müvafiq viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.