2016-10-02

IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Bu gün Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Bütün qonaqlara “Xoş gəlmisiniz” deyirəm.

Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə çevrilib. Forum dördüncü dəfədir ki, keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu Forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir ki, Foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir.

Biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir – siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk.

Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır.

Əminəm ki, Forumda iştirak edən görkəmli dövlət xadimləri, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər bu günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik. Əlbəttə, hesab edirəm, sirr deyil ki, bu Forum artıq hər il keçiriləcək və beləliklə, bu format yaşayacaqdır.

Onu da qeyd etməliyəm ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt edilibdir. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan bu soyqırımının qurbanı olmuşdur. Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir. İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu, böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir. Çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır. Bu ağır vəziyyətə baxmayaraq, Azərbaycanın inkişafı dayanıqlı olmuşdur, o cümlədən biz humanitar sahədə son illərdə böyük uğurlara imza atmışıq. Humanitar sahə bizim hökumətimiz üçün prioritet sahələrdən biridir və bu sahəyə investisiyalar qoyulur. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır.

Təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikilibdir. Təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılır. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər.

Səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sisteminin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir.

Bizim mədəniyyətlə bağlı təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir, xüsusi proqram icra olunubdur. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir, o cümlədən dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Qeyd etməliyəm ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir.

Bu məscid 743–cü ildə Şamaxı şəhərində tikilmişdir və müsəlman aləmində ən qədim məscidlərdən biridir. Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir. O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir. Azərbaycanda pravoslav kilsələr, katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Yəni, bu, bizim böyük sərvətimizdir və bir daha demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır. Bir daha demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Yəni, hesab edirəm ki, biz bu istiqamətdə uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər.

Biz, eyni zamanda, iqtisadi sahəyə böyük diqqət göstəririk. Çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artmışdır, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcəkdir.

İşsizliklə bağlı mübarizə də, ilk növbədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yeri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür. İndi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət dayanır. Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır. Büdcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin etmişdir.

Əlbəttə, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır.

Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümunəsidir. Azərbaycanda neft gəlirlərindən düzgün istifadə etmək, “qara qızıl”ı insan kapitalına necə çevirmək, - artıq biz buna nail olmuşuq, - sahəsində nadir təcrübə toplanmışdır. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalar qoyuruq.

Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilibdir. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. Hesab edirəm ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz, iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir. Bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayacaqdır.
Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil dövlət Azərbaycan 155 ölkənin dəstəyi ilə o mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə dəstəyini göstərmişdir.

Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan çox ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər, amma biz bir yerdə yığışırıq, müzakirə aparırıq. Çalışırıq necə yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu narahatlıqla izləyirik.

Biz burada - Bakıda bu günlər ərzində çalışacağıq ki, bu meyillərin qarşısını almaq üçün hansı işlər görülməlidir. Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq. Narahatedici məsələlər ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük.

Müsəlman aləmində gedən xoşagəlməz proseslər də bizi çox narahat edir. Çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, hamımızı narahat etməlidir.

Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür. Çünki hesab edirəm ki, müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik və biz Avropanı da yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin.

Əlbəttə ki, müzakirələrdə bu məsələlərə diqqət göstəriləcəkdir. Əmənəm ki, müzakirələr çox uğurlu keçəcək. Dediyim sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəinki humanitar sahədə, digər sahələrdə də bir çox təşəbbüslər hesab edirəm uğurlu olmuşdur.

İki il bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı yarışı – “Eurovision” müsabiqəsi böyük uğurla keçirilmişdir. Bütün qonaqlar çox razı qalmışdılar.

Gələn il birinci Avropa Oyunları, - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, - Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədliyini irəli sürmüşdür və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərmişdir.

2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.

Əziz qonaqlar, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Bilirəm ki, qonaqlar arasında ölkəmizlə tanış olan nümayəndələr vardır. İlk dəfə gələnlər də var. Əminəm ki, bu Forumun keçirilməsi sizin üçün çox maraqlı olacaq. Siz öz dəyərli fikirlərinizi bölüşəcək, eyni zamanda, ölkəmizlə yaxından tanış olacaqsınız.

Forumun iştirakçılarına uğurlar arzulayıram. Sağ olun!

Arxiv üzrə axtarış